Daha öncə NASA-nın astronavtları Komandir Barri Uilmor (Barry Wilmore) və pilot Sunita Uilyams (Sunita Williams) və onların kosmosda yaşadıqları problem haqda məlumat vermişdik. Onlar “Boeng Starliner” kosmik gəmisi ilə 8 gün davam etməli olan BKS missiyası üçün kosmosa uçmuşdular. Lakin gəmidə baş verən texniki nasazlıqlar hər şeyin planlaşdırıldığı kimi davam etməsinə mane olmuşdu. Nəticə olaraq da 2 ehtimalın olduğunu vurğulamışdıq. Bunlar:
1. Kosmik gəmidə nasazlığın aradan qaldırılacağı ehtimalda onların “Starliner” ilə qayıtması
2. Gəminin problemi hələ də aktual olarsa, astronavtların 6 aydan sonra qayıtması
NASA Beynəlxalq Kosmik Stansiyadakı iki astronavtın taleyi ilə bağlı yekun qərarını şənbə günü (24 avqust) açıqladı. “Starliner” kapsulası təxmini sentyabrda pilotsuz şəkildə yerə qayıdacaq; iki astronavtının geri qayıtması isə 2025-ci ilin fevralına planlaşdırılır.
Bundan əlavə, NASA və Boeing birgə qərara aldılar ki, astronavtlar “Starliner” kapsulunda Yerə qayıtmayacaqlar. Bunun əvəzinə onlar planetimizə enmələri üçün SpaceX-in “Dragon” kapsuluna minəcəklər.